25.08.2021

Xalqın sevdiyi, inandığı, güvəndiyi Birinci xanım

Əminəm ki, gərgin, səmərəli və hərtərəfli fəaliyyəti onun haqqında istənilən adamın deyə biləcəyindən daha çox söz deyir.

Həmişə xeyirxahlığı, mərhəməti və şəfqəti ilə seçilib. Yaşından, milliyyətindən, dini inancından asılı olmayaraq milyonların sevgisini də ilk növbədə, qayğı və diqqətə ehtiyacı olanların köməyinə tələsməsi ilə qazanıb.

Sosial həyatımızda xeyriyyəçilik və mesenantlıq ənənələrinə yeni nəfəs verib.

Bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll edilməli olması barədə  təsəvvürləri dağıdandan özü çox adamın ümid yerinə çevrilib. Azərbaycanda böyük-kiçikliyindən asılı olmayaraq istənilən problemlə üzləşənin yadına ilk növbədə o düşür – ondan kömək umur. Yaza bilən əlinə qələm alır, yaza bilməyən oturduğu ünvana üz tutur.

Söhbətin kimdən getdiyini əminəm ki, hər kəs anladı. Bəli, söhbət Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, bütün fəaliyyəti xalqına və Vətəninə layiqincə xidmət etmək məramından qaynaqlanan,  uşaqdan yaşlıyadək hamının sevimlisi  Mehriban xanım Əliyevadan gedir.

Xalqın sevdiyi, inandığı, güvəndiyi Birinci xanımdan!

Əqli və fiziki cəhətdən qüsurlu uşaqlara, xəstəlikdən əziyyət çəkən balacalara ana qayğısı ilə yanaşan, valideyn qayğısı və himayəsindən məhrum olanlara sevgisi sayəsində tez-tez baş çəkdiyi uşaq evlərində, internat məktəblərində tərbiyə alanlar üçün sözün əsl mənasında ailə ab-havası yaradan Mehriban xanımdan.

Rəhbərliyi altında müxtəlif sahələri əhatə edən bir-birindən əhəmiyyətli layihələrin gerçəkləşdirildiyi Mehriban xanımdan. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və dünyaya təqdim edilməsinə öz töhfəsini verən Birinci xanımın  istedadlı gənclərə dayaq durmasından bütün Azərbaycan udur.  Sağlamlığı ilə yanaşı, yaşamaq eşqini özünə qaytardığı insanların sayı-hesabı yoxdur.  

Yüksək tolerantlıq ənənələrinin formalaşdığı Azərbaycanı dünyaya olduğu kimi təqdim etmək üçün çox iş görüb. Onun təşəbbüsü ilə “Tolerantlığın ünvanı:Azərbaycan” layihəsi çərçivəsində müxtəlif dini ocaqların - Bakıda Müqəddəs Qadınlar Kafedral Kilsəsinin, Müqəddəs Roma katakombalarının, Fransanın müxtəlif regionlarındakı kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının… bərpası həyata keçirilib.

Ermənistan tərəfindən vandalizm aktları ilə qarşılaşan Azərbaycanın Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki “Filosoflar zalı”nın və digərlərinin bərpasında fəal iştirakı da xalqımız haqqında çox şey deyir.

İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi Mehriban xanımın xidmətlərinin nəticəsidir. “Muğam və aşıq sənəti”mizin, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”nin, “Dədə Qorqud irsi”nin, “Azərbaycan kəlağayısı”nın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya salınmasına görə də Birinci xanıma minnətdarıq olmalıyıq.

2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin ediləndən Mehriban Əliyeva həm də hər cəhətdən arxa-dayaq durduğu Prezidentin etimadını layiqincə doğruldur.

Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin problemlərinin həlli xüsusi yer tutur. Səhv etmirəmsə, Birinci vitse-prezident kimi ilk müşavirəsini də qaçqın və məcburi köçkün ailələrinə həsr etmişdi.

Onun təşəbbüsü ilə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. Təkcə “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb binası inşa olunub və ya  yenidən qurulub.

Əhalinin sağlamlığı üçün gördüyü işləri də sadalayıb qurtarmaq mümkün deyil. Təşəbbüskarı olduğu  layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları,  IV İslam Həmrəyliyi Oyunları.. həm də Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığının təsdiqi idi.

Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli və xoşməramlı fəaliyyətinə görə “Heydər Əliyev” ordeni, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESKO-nun “Qızıl Motsart” medalına... layiq görülüb.

Mehriban xanım deyir ki, “Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir. Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsidir.”

Bəzən fikirləşirəm ki, görəsən xalqına sonsuz sevgisi göz önündə olan  Mehriban xanımın xalqın ona sevgisindən, inamından xəbəri varmı? Bu sevginin sərhəd tanımadığını, hüdudsuz, sonsuz olduğunu bilirmi?

Amma, nə fərqi?! Xalqın sevgisini qazananın bundan xəbəri varsa da xoşbəxtdir, xəbəri yoxsa da! 

 

Rasif Tahirov "Dəniz" qəzetinin baş redaktoru 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır