04.04.2021

Tələbələrin böyük qardaşı Rasim müəllim

Azərbaycan Dövlət Dəniz Akademiyasının yataqxanası dənizçi olmaq üçün ölkəmizin müxtəlif bölgələrindən paytaxta gələn tələbələr üçün ikinci ev kimidir. Yataqxanada yaradılan şəraitlə bərabər, oranın işçi heyətinin münasibəti də tələbənin bu müvəqqəti evdə özünü rahat hiss etməsi üçün əsas amillərdən biridir. Əminliklə demək olar ki, tələbəlik illərinin sonunda yataqxana əməkdaşları doğma insanlara çevrilirlər. 

ADDA yataqxanasının müdir müavini Rasim müəllim də belə doğma insanlardan idi. Yataqxanada bir çox ADDA tələbələrini gülərüzlə qarşılayıb təhsil bitdikdən sonra elə həmin səmimiyyətlə də yola salıb. 

Bu il isə...2021-ci il məzunları Rasim müəllimlə daha tez vidalaşmalı oldular. Amansız ölüm ADDA kollektivindən dəyərli iş yoldaşını, tələbələrdən isə böyük qardaşını alıb apardı. 

Onun ölüm xəbəri hamını sarsıtdı. Hətta nə qədər qəribə olsa da, bir çoxları bunu əvvəlcə 1 aprel zarafatı kimi qəbul edib eşitdiklərinə inanmadılar. 

ADDA-da 2014-2018-ci illərdə tələbə olmuş, ADDA yataqxanasının sakini, hazırda Akademiyanın “Gəmi sürücülüyü” fakültəsinin tyutoru (akademik məsləhətçi) Laçın Babayev:

- Bu xəbəri eşidəndə elə bildim kimsə uğursuz 1 aprel zarafatı edib. Hətta Rasim müəllimin “Facebook” səhifəsində yazdım ki, bu nə zarafatdır? Allah sizə ömür versin. Amma bir müddət sonra xəbərin doğru olduğunu biləndə şok oldum. Bir neçə gün öncə telefonla danışmışdıq. Deyirdi, idman edirəm, dostlarla qaçırıq hər səhər. Nə deyim? Çox gözəl insan idi. Bir tələbənin qəlbinə dəyməmişdi. Bu insanın telefonu tələbə üçün sözün əsl mənasında günün 24 saatı açıq idi. Tez-tez evdə olduğu vaxtda özü zəng vurub yataqxanadakı vəziyyətlə maraqlanırdı. Hər bir tələbəyə qayğı ilə yanaşırdı, uğurlarına sevinir, dərdinə şərik olurdu. “Rasim müəllim rəhmətə gedib” xəbəri heç ona yaraşmadı. Çox heyf. Allah rəhmət eləsin! Ailəsinə səbr versin !  

Ölüm qaş-göz arasındadır, deyib atalar. İnsanın həyatla birdəfəlik vidalaşması, bir daha yaxınları və doğmalarının onunla görüşməməsi nə qədər qəribə səslənsə də, onun özündən çox elə onu sevən insanlar üçün ağır olur. 

ADDA-nın 368 A1 qrupunun tələbəsi, ADDA yataqxanasının sakini Mirağalar Bayramov:

- Bir dəfə Rasim müəllimlə Vətən müharibəsində şəhid olan qardaşlarımız haqqında söhbət edəndə dedim ki, müəllim, insan bilmir ki, bir saat sonra başına nə gələcək? Heç kim bu dünyadan gedəcəyi günü dəqiq bilməz. Amma şərt odur ki, dünyadan köçəndən sonra insanların qəlbində yaşamağı bacarasan. İndi Rasim müəllimin ölüm xəbərindən sonra anlayıram ki, o məhz elə insanlardan oldu. Bugün biz Rasim müəllimi xatırlayırıqsa, onun bizə göstərdiyi qayğı və diqqət ürəyimizə həkk olunubsa, deməli, yaşayır və həmişə yaşayacaq.

Üzündən təbəssüm heç vaxt əskik olmazdı. Rasim müəllimi hətta bir dəfə görən insan onun necə əxlaqlı biri olduğunu hiss edirdi.

ADDA-nın 197 A qrupunun tələbəsi, ADDA yataqxanasının sakini Turqut Əzizov : 

- Mən yataqxanaya 3-cü kursdan gəldim. O vaxta qədər kirayədə qalırdım. 2-ci kursun yay təcrübəsindən oktyabrda qayıtdığım üçün həmin vaxt yataqxanada mənə yer olmadı. Rasim müəllim nömrəmi götürdü. İnanın ki, mən yataqxanaya yerləşənə qədər hər həftə zəng edirdi. Yataqxanaya yerləşdikdən sonra mənimlə tez-tez söhət edirdi. Hər hansı problem olarsa, onun həll edənə qədər iş vaxtından sonra da bizimlə qalırdı. Bizimlə böyük qardaş kimi rəftar edirdi.

ADDA-nın 197 A qrupunun tələbəsi, ADDA yataqxanasının sakini Tərlan Məlikov:

- 2-ci kursda oxuyurdum. Bir dəfə məsuliyyətsizliyim ucbatından yataqxananın daxili nizam-intizam qaydasını pozmuşdum. Bunu ancaq Rasim müəllim gördü və məni çağrıb ad-soyadımı qeyd elədi. Təqdimat yazılsaydı,töhmət verə bilərdilər. Bir müddət keçdi. Rasim müəllim susurdu. Məni görəndə heç nə demirdi. Axırda dözmədim. Yaxınlaşıb soruşdum ki, müəllim mənim aqibətim necə olacaq? Rasim müəllim mənə baxıb dedi : “Sənin yataqxanada olan ilk qayda pozmağındır. Bu vaxta qədər nizam-intizamlı olmusan. Ona görə də bu dəfə sənə güzəşt edirəm. Amma bil ki, bu qaydalar ona görə tətbiq edilib ki, sizin burada qalmağınız daha rahat olsun.”  

Rasim müəllim mənim səmimi peşmanlıq hissi yaşadığımı anlamışdı və buna görə güzəşt etmişdi. Yəni bunu görmək, hiss etmək hər adamın işi deyildi. Bu hadisəni mən heç vaxt unutmaram. Allah ona rəhmət eləsin. Qəbri nurla dolsun.

ADDA-nın 188 A2 qrupunun tələbəsi, ADDA yataqxanasının sakini Ayşən Şükürova:

- Tələbəlik illərimin ilk vaxtlarından gülərüz, səmimi siması ilə tələbələrin istər elmi, istərsə də yataqxana problemləri ilə yaxından maraqlanan müəllim kimi tanıdım. Bir insanda olması gərəkən gözəl xasiyyətlərə sahib şəxsiyyət idi. Aydın məsələdir ki, uzaqda olan tələbələr problemlərini ailələrinə deyə bilmirlər. Rasim müəllim öz doğması kimi yanaşaraq onlara dəstək olmağa çalışırdı. Allahdan rəhmət diləyirəm.

ADDA-nın 189 A2 qrupunun tələbəsi, ADDA yataqxanasının sakini Pərviz Sadıqov:

- Rasim müəllim hamımıza eyni gözlə baxırdı. Hansısa məsələdə bizə “yox, olmaz” deməli idisə onu elə tərzdə deyirdi ki, heç kim inciməzdi. Bir dəfə bərk xəstələnmişdim. Rasim müəllim bir valideyn kimi, böyük qardaş kimi hər gün başımın üstündə idi. Xəstə olduğum müddətdə məni tək qoymadı o insan. Zərrə qədər də narahat olmadım. Rasim müəllim buna imkan vermədi. Allah rəhmət eləsin sizə, Rasim müəllim. Sizin yoxluğunuz bizim üçün böyük itki olacaq.

İnsanlar bu dünyaya gəlirlər və gedirlər. Hər bir insan özündən sonra bir iz qoyub gedir. Rasim Səmədov onu sevən ailəsinin, iş yoldaşlarının və “kiçik qardaşları” olan tələbələrin ürəyində dərin iz qoydu. Biz bir daha onun gülər üzünü görməyəcəyik, səsini eşitməyəcəyik. Amma onun əməlləri daim yaddaşlarda səslənəcək.   

Musa Əliyev - ADDA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır