11.10.2017

“Dəniz laqeyd adamları sevmir”

Dənizçilik təkcə peşə deyil, həyat tərzidir. Bəziləri isə lap dərinliyə gedib onu fəlsəfə adlandırır. Bu peşənin fəlsəfəsini doğma sahillərdən uzaqlarda üzən dənizçilərimiz daha dərindən dərk edirlər.  Həmsöhbətim uzaq səfərlər kapitanı Bəhram Dadaşov kimi…

 -Bəhram müəllim, neçə ildir dənizdəsiniz?

-1979-cu ildən… Sular qoynunda əmək fəaliyyətimə matros kimi başlamışam. Daha sonra kapitanın üçüncü, ikinci, baş köməkçisi işləmişəm. Odessa Ali Dəniz Mühəndisləri Məktəbini bitirdikdən sonra Gəmiçiliyin gəmilərində kapitan vəzifəsində çalışıram.

-Xarici sularda üzmək və uzaq səfərlər kapitanı olmaq nə deməkdir?

Ümumiyyətlə, kapitan olmaq asan deyil. Bunun üçün illərin təcrübəsi lazımdır.  Yaxşı kapitan öncə özünü yaxşı matros, yaxşı köməkçi kimi təsdiqləməlidir. Əks halda, yaxşı kapitan olmaqla bağlı bütün cəhdlər uğursuz alınacaq. Bundan başqa, kapitan davranışları və qərarları ilə də nümunə olmağı bacarmalıdır.  Konkret sualınıza gəlincə, deyə bilərəm ki, uzaq səfərlər kapitanı hər şeydən əvvəl xarici sularda üzməyin məsuliyyətini dərk etməlidir. Bu, çox vacib məqamdır. Burda söhbət təkcə heyət, gəmi və yük üçün cavabdehlikdən getmir. Nəzərə almalısan ki, yanlış bir addım vətənin adına yad sularda xələl gətirə bilər.  Ona görə də kiçik xətalara belə yol verməməyə çalışırıq.

 

-40 illik təcrübəniz var. Hər halda bu müddətdə fors-major vəziyyətlərlə azı 40 dəfə qarşılaşmısınız…

-Bu işin hər anında risk var. Dənizçiliyi elə digər peşələrdən fərqləndirən ən başlıca xüsusiyyət də budur. Bunu qəbul etmək lazımdır. Dəniz gözəl göründüyü qədər də rəhmsizdir. O, biganəliyi sevmir. Ona görə hər şey daim nəzarətdə saxlanmalıdır.  Ən təhlükəli vaxt qışdır. Özü də Qara dənizdə.  Qışda Qara dənizdə dalğaların hərəkət istiqamətini müəyyənləşdirmək çətindir. Dalğalar müxtəlif səviyyədə və fərqli ölçüdə olur.   Biz buna görə, hava haqqında məlumatlara çox diqqətlə yanaşırıq. Külək güclü olanda sığınacaqlarda gözləməyə çalışırıq. Amma bəzən külək bizi açıq dənizdə tutur. Onda hər şey heyətin peşəkarlığından asılı olur.

-Mümkünsə, biraz da heyət haqqında danışın.

-“Teymur Əhmədov” gəmisinin heyəti 16 nəfərdən ibarətdir. Hamısı peşəkar və çox məsuliyyətlidir.  Heyət üzvlərindən birinci tələb odur ki, hər kəs öz işini bilməli və görməlidir. Əsas nizam-intizamdır. Dənizçi peşəsinə hörmət etməlidir. Necə deyərlər, dəniz laqeyd insanlar üçün deyil.

 

-Bəhram müəllim, kapitanı olduğunuz “Teymur Əhmədov” gəmisi təkcə Qara dənizdə istismar olunur? 

-Biz əsasən Rusiya, Ukrayna və Türkiyə limanlarına səfərlər edir, quru yüklər daşıyırıq. Amma ehtiyac olanda Aralıq dənizinə də keçirik.

-Hazırda boğazdan keçmə əməliyyatını yerinə yetirirsiniz. Bilmək istərdik, Bosfor boğazından keçid əməliyyatının özəlliyi nədir?

-Əvvəlcə deyim ki, Bosfor ən qəliz boğazlardan biridir. Burda 3,4 cür dərinliyə görə axıntılar var. Buna görə, boğazda gəmini idarə etmək çox çətindir. Gərək çox diqqətli olasan. Həm sürətə,  həm də gəmilərin arasında məsafəyə müntəzəm nəzarət etmək lazımdır. İndiki texnika imkan verir ki, gəmini dəqiq idarə edə bilək.

-Maraqlıdır, Kerç boğazını necə keçirsiniz?

-Kerç boğazında vəziyyət başqa cürdür. Orda boğazı bələdçi olmadan keçmək mümkün deyil. Kerç kanalı süni olduğundan keçid zamanı eni ilə bağlı problemlər yaranır. Məsələn, boğazdan gəmilər yanaşı çətinliklə keçir.

 

-Sizə çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

-Çox sağ olun!

Tural İbrahimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır