14.04.2021

ADDA-da yaz semestrinin imtahan sessiyası onlayn keçiriləcək

Azərbaycan Dövlət Dəniz Akademiyasında 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası koronavirus pandemiyası nəzərə alınaraq bu dəfə də onlayn keçiriləcək. İmtahanlar müəllim və tələbə arasında şifahi sual-cavab formasında (interaktiv formatda) baş tutacaq.

Hər imtahan bileti 5 sualdan ibarət olacaq. Yalnız semestr boyu keçirilən mövzuları əhatə edən biletin suallarını cavablandıran tələbə hər cavabdan 10 bal olmaqla imtahandan maksimum 50 bal toplaya bilər. İmtahanqabağı balların ən yüksək həddi 50 bal olduğundan, tələbənin hər fənn üzrə bilikləri maksimum 100 balla qiymətləndiriləcək.

ADDA-nın təkrar ali təhsil (qiyabi) və magistratura (qiyabi) pilləsində oxuyan tələbələrinin imtahan sessiyasının mayda keçirilməsi nəzərdə tutulub.

Əyani formada təhsil alan bakalavr və magistrantlar üçün isə imtahan sessiyası iyuna planlaşdırılır.

İmtahanlar haqqında ətraflı məlumatlar mütəmadi olaraq veriləcək.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır