02.03.2021

ADDA-da növbəti kurslar keçirilib

Azərbaycan Dövlət Dəniz Akademiyası ölkədə fəaliyyət göstərən müxtəlif gəmiçilik şirkətlərinin sifarişi əsasında həmin şirkətlərin əməkdaşları üçün mütəmadi olaraq təkmilləşdirmə və ixtisasartırma kursları keçirir. Bu kurslarda fiziki şəxslər də iştirak etmək imkanından yararlana bilirlər.

Fevral ayının 10-dan ADDA-da növbəti kurslar başlayıb.  Gəmi sürücüləri üçün nəzərdə tutulmuş kurslar kapitanın, kapitanın baş köməkçisinin və növbə köməkçilərinin Beynəlxalq Dəniz Təşkilatının (BDT) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" (DHDNÇ) Beynəlxalq Konvensiyasının A-I/11-ci, A-II/1-ci, A-11/2-ci bölmələrinə və A-11/2-ci və A-II/1-ci cədvəllərinə əsasən sertifikat (diplom) alınmasına  və yenilənməsinə dair hazırlığından ibarətdir. Eyni zamanda kursun proqramında Beynəlxalq Dəniz Təşkilatının (BDT) model kurslarının tövsiyələri nəzərə alınaraq dəniz naviqasiyasının müasir texniki vasitələrinin gündən-günə yenilənən modellərinin üstünlükləri və texniki istismar qaydaları da lazımi səviyyədə tədris edilir. Bununla da dəniz nəqliyyatı sahəsində çalışan mütəxəssislərin günün tələbləri səviyyəsində təkmilləşmələri üçün əsaslı şərait yaradılıb.

Mövcud pandemiya şəraiti nəzərə alınaraq kurslar onlayn rejimdə Zoom proqramı üzərindən təşkil olunub. Kurs dinləyiciləri öncədən yaradılmış WhatsApp  qruplarında yerləşdirilmiş Zoom linklərinə daxil olaraq müvafiq qaydada dərslərdə iştirak ediblər. Dərslərə hər hansl bir səbəbdən qoşula bilməyən dinləyicilərin sonradan izləmələri üçün videoqeydiyyat aparılıb və sonradan kurs iştirakçılarına təqdim edilib.

Kurslarda ümumilikdə 15 nəfər təkmilləşmə, 19 nəfər txtisasartırma dinləyicisi iştirak edib. Kursların praktiki məşğələ, trenajor dərsləri mövcud karantin qaydaları  nəzərə alınaraq aparılıb. Bundan əlavə, praktik dərslərin müəyyən hissəsi onlayn rejimdə videotədris materiallarına üstünlük verilərək həyata keçirilib. Simulyator dərslərinin tədrisi isə ilk dəfə olaraq müasir naviqasiya texniki vasitələrinin istismar edilməsi üçün, lazımi proqramların mənimsənilməsi məqsədilə praktik qaydada onlayn rejimdə dinləyicilərə nümayiş etdirilib. Belə ki, proqramlardan istifadə bacarıqlarının artırılması üçün dinləyici heç bir laborator şəraitə ehtiyac duymadan onlayn rejimdə öz dinləmə və izləmə avadanlıqları (telefon və ya kompüter) vasitəsilə tam şəkildə yararlana bilib. Bununla da dinləyicilər lazımi səviyyədə bilik və bacarıqlara yiyələniblər.

Kurslar Azərbaycan Respublikası Dövlət Dəniz Agentliyi (ARDDA) ilə razılaşdırılaraq ADDA tərəfindən təsdiq olunmuş plan və proqrama uyğun qaydada DHDNÇ konvensiyasının A-I/2-cı və A-1/12-ci bölmələrinin tələblərinə uyğun xüsusi hazırlıq keçmiş, “Dəniz naviqasiyası” kafedrasının Həzi Nəbiyev, Rəşid Rzayev, İsmayıl Dünyamalıyev, Müsaim Qonaqov, Əkbər Şirəliyev, Rövşən Əliyev, Samirə Gözəlova, Elçin Osmanov, Ruslan Hüseynov kimi peşəkar mütəxəssisləri tərəfindən aparılıb.  Kurslar başa çatdıqdan sonra dinləyicilərin bilik və bacarığı DHDNÇ Məcəlləsinin A-1/6-cı bölməsinin 6-cı bəndinin və A-1/12-ci bölməsinin tələblərinə cavab verən, təqvim ili ərzində fəaliyyət göstərən kvalifikasiya komissiyası tərəfindən qiymətləndirilib. Kursu müvəffəqiyyətlə bitirmiş dinləyicilərə, imtahan protokoluna əsasən, Beynəlxalq Konvensiyanın müddəalarına uyğun olaraq ARDDA tərəfindən müvafiq sertifikatların təqdim ediləcəyi nəzərdə tutulub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır