24.10.2017

Dənizlə yükdaşıma müqaviləsi

Dünya üzrə yük daşınmasında ən çox istifadə edilən yol dəniz yoludur. Bunun əsas səbəbi dəniz nəqliyyat vasitəsi olan gəmilərin bir dəfəyə yüksək miqdarda yük götürə bilməsi və daşıma xərclərinin digər nəqliyyat vasitələri ilə müqayisədə dəfələrlə az olmasıdır. Başqa daşımalarda olduğu kimi dənizlə yük daşınması da müqavilə ilə həyata keçirilir. Bu müqaviləni “Dənizlə Yükdaşıma Müqaviləsi” adlandırırıq. Bu müqavilənin tərəfləri daşıyıcı və yük göndərəndir. Daşıyıcı dedikdə yükdaşıma işini həyata keçirən gəmi sahibi və ya icarəçisi nəzərdə tutulur. Yük göndərən isə həm fiziki, həm də hüquqi şəxs ola bilər. Burada bir maraqlı tərəf də var. Söhbət yükü qəbul edəndən gedir. Bu şəxs yük göndərənin özü və ya başqası da ola bilər.  Ona görə də həmin şəxs dənizlə yük daşıma müqaviləsinin tərəfi sayılmır. Dənizlə yükdaşıma müqaviləsinin iki əsas növü var: Səfər çarteri və liner yükdaşıma müqaviləsi. Səfər çarteri müqaviləsinə görə daşıyıcı gəminin bir hissəsini və ya bütün anbarlarını yük göndərən üçün ayıraraq onun yükünü bir limandan başqa limana daşımağı üzərinə götürür. Bu müqavilə tək gəmi səfəri üçün bağlandığı kimi, bir neçə səfər üçün də nəzərdə tutula bilər. Tərəflərin öhdəliklərinə gəldikdə, daşıyıcının ən birinci öhdəliyi gəmini müqavilədə qeyd olunan vaxtda yükləmə limanına gətirməkdir. Bir qayda olaraq səfər çarteri müqavilələrində gəmini limanda yükləməyə hazır etmək üçün dəqiq tarix müəyyən edilmir, iki tarix aralığı qeyd olunur. Daşıyıcının öhdəliklərindən biri də səfərdən öncə gəminin əlverişli vəziyyətdə olmasını təmin etməkdir. Əlverişli dedikdə daşıyacağı yükün və səfərin xüsusiyyətləri nəzərə alınaraq, tamamilə fövqəladə təhlükələr istisna olmaqla, səfər vaxtı qarşılaşılacaq hər növ təhlükələrə qarşı dayanaraq, səfəri yükü ilə birlikdə qəzasız tamamlamaq imkanına malik gəmi nəzərdə tutulur. Daşıyıcının digər öhdəliklərinə gəminin baxımı, təmiri, sığortası, yanacaq və ərzaq təminatı, kanal, keçid, yedəkləmə, bələdçi və liman xərclərini ödəmək və s. aiddir. Gəmi heyətinin təqsiri üzündən üçüncü şəxslərə dəyən zərərlərdən də yük göndərən məsuliyyət daşımır. Yük göndərənin əsas öhdəliyi isə  yükü müqavilədə göstərilən yerdə və zamanda gəmi sahibinə təslim etmək və fraxtı ödəməkdən ibarətdir. Yükləmə prosesində zaman amilinə diqqət yetirmək yük göndərən baxımından olduqca önəmli məsələdir. Səfər çarteri müqaviləsində yükləmə işini həyata keçirmək üçün yük göndərənə “staliya” adlanan ödənişsiz vaxt verilir. “Staliya” vaxtının başlanması və sona çatması tərəflərin razılığı əsasında müəyyənləşdirilir. Bundan başqa çox vaxt səfər çarteri müqavilələrində beynəlxalq praktikada “demurrage” adlandırılan kontr staliya vaxtı qeyd olunur. Kontrstaliya vaxtı, staliya vaxtının bitməsinə baxmayaraq yükləmənin başa çatmaması  durumunda başlayır. Bu, ödənişli vaxtdır. Yəni, yükgöndərən yükləməni gecikdirdiyi hər dəqiqə, saat və ya gün üçün daşıyıcıya səfər çarteri müqaviləsində göstərilən məbləğdə pul ödəyir. Dənizlə yükdaşıma müqaviləsinin ikinci növü isə Liner yükdaşıma müqaviləsidir. Bunun səfər çarterindən əsas fərqi gəminin heç bir hissəsinin daşıyan üçün ayrılmamasındadır. Başqa sözlə, liner yükdaşıma müqaviləsinə görə daşıyıcının öhdəliyi fraxt müqabilində sadəcə yüklərin daşınmasından ibarətdir. Səfər çarteri müqaviləsindəki daşıyıcının digər öhdəlikləri burdakı daşıyıcıya da aiddir. Yükləmə əməliyyatı yük göndərən tərəfindən həyata keçirilmədiyindən “staliya” və “kontrstaliya” anlayışları Liner yükdaşıma müqaviləsinə şamil olunmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır