12.10.2017

Dəniz təhlükəsizliyinə dair italyan mütəxəssislər seminar keçiblər

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində məsuliyyətin artırılmasında Dövlət Dəniz Administrasiyasına dəstək” adlı tvinninq layihə çərçivəsində dəniz təhlükəsizliyinin həyata keçirilməsinə dair italyan mütəxəssislər  üç günlükseminar keçiblər. Layihənin başlıca məqsədi Azərbaycanda dəniz üzgüçülüyünün təhlükəsizliyi və dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması ilə əlaqədar beynəlxalq konvensiyalarda nəzərdə tutulan məsuliyyət prosedurlarının Avropa İttifaqı qanunvericiliyi ilə əlaqəli  həyata keçirilməsi və tətbiqi məsələlərində Dövlət Dəniz Administrasiyasının potensialını gücləndirməkdən ibarətdir. Tvinninq layihəsi çərçivəsində ölkəmizə dəvət olunan italyan mütəxəssislər —A.Vollero, D.Cau və F.Borriello dənizdə təhlükəsizlik və axtarış-xilasetmə əməliyyatları, dövlət liman nəzarəti, dəniz mühitinin mühafizəsi, İtalyan AİS şəbəkəsi və serveri: PELAGUS sistemi, Aİ Nəzarət Sistemi və digər məsələlərə dair məlumatlar verib və  Avropa Agentlikləri ilə əməkdaşlıq məsələsini izah ediblər. Seminar zamanı İtaliya və digər Avropa ölkələrində dəniz təhlükəsizliyini həyata keçirən səlahiyyətli orqanlar müqayisəli təhlil edilib, iştirakçılar dənizdə təhlükəsizlik və axtarış-xilasetmə əməliyyatlarına dair beynəlxalq təcrübə haqqında məlumatlandırılıb və onların bütün sualları cavablandırılıb. Seminarda Dövlət Dəniz Administrasiyasının mərkəzi aparatının nümayəndələri  ilə yanaşı, Administrasiyanın tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin də əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır