16.02.2021

“Əməkdar mühəndis” Şahid Orucov: "Ömrüm dənizlə naxışlanıb" - VİDEO

İnsan yalnız öz boyuna biçilmiş həyat yaşayanda xoşbəxt ola bilər. Bu mənada  veteran dənizçi Şahid Orucov da xoşbəxtdir. 67 yaşın zirvəsindən geri çevrilib baxan gəmiçi ötən illəri əbəs yaşamadığını əminliklə deyir.  

Şahid Orucov 1954-cü ildə Qazaxın Kəmərli kəndində doğulub. Uşaqkən hər iki valideynini itirib. Beləliklə, ailənin həm mənəvi, həm də maddi yükü onun üzərinə düşüb. 

Veteran dənizçi 1971-ci ildə Bakı Dəniz Yolları Məktəbinə qəbul olub. 1975-ci ildə təhsilini başa vuraraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Ruhulla Axundov” gəmisində motorçu kimi fəaliyyətə başlayır. 13 il bu gəmidə çalışaraq müxtəlif vəzifələr tutur. Nəhayət, gərgin əməyi və zəhməti sayəsində çox keçmir ki,  baş mexanik vəzifəsinə yüksəlir.

1984-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Yuqoslaviyada inşa edilmiş gəmi-bərələrin ölkəmizə gətirilməsində yaxından iştirak edir.

Bundan başqa, Şahid Orucov 2003-cü ildə Nijni Novqorodda bünövrəsi qoyulan “Prezident Heydər Əliyev” gəmisinin tikintisində, 2012-ci ildə Xorvatiyada Azərbaycan tərəfindən sifariş olunmuş “Bərdə” və “Balakən” gəmi-bərələrinin tikintisində və qəbulunda iştirak edib.

Şahid Orucov bir-birinin ardınca böyük uğurlar qazanır. Səmərəli əmək fəaliyyətinə görə ona hamiyəçi mexaniklərin rəhbəri vəzifəsi həvalə olunur. Dörd il bu vəzifədə işlədikdən sonra  Dəniz Nəqliyyatı Donanmasının Texniki istismar xidmətinin rəisi təyin edilir. Sonrakı illərdə Şahid Orucov Gəmiçiliyin baş mühəndisi, “Zaqfederasiya” adına gəmi təmiri zavodunun direktoru olur. 2011-ci ildə yenidən baş mühəndis vəzifəsinə irəli çəkilir. Fəaliyyətinin sonuna kimi bu vəzifə ona etibar edilir.

O, dənizçilik sahəsində 9 səmərələşdirici təklifin müəllifidir. Baş və köməkçi mühərriklərin soyutma sistemində təkmilləşdirmə, dedveyt sistemlərində dəyişiklik, yanğın sistemində dəyişiklik və s buna misaldır. Bu təkliflərin hər biri sertifikatlaşdırılıb və 1570 layihəli gəmilərdə tətbiq olunub. Təkliflərin hesabına gəmilərin istismar xərcləri müəyyən qədər azalıb.

Təcrübəli mexanikin gərgin əməyi hər zaman yüksək qiymətləndirilib. 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. 2014-cü ildə isə dəniz nəqliyyatının inkişafındakı xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunub.

Təcrübəli dənizçidən uğurunun sirrini də soruşduq. Cavab sadə oldu. Yaxşı oxumaq və yenilikləri mənimsəmək bacarığı onun müvəffəqiyyət düsturudur. O, gənc həmkarlarına da bu düsturdan yararlanmağı tövsiyə edir.

Deyirlər, qocalığın aqibəti gəncliyin nəyə sərf edilməsindən asılıdır. Şahid Orucov dünənindən  də, bugünündən də yerlə-göy qədər razıdır. Ən böyük mükafatı isə ömrümün mənalı, gərəkli keçməsindən doğan xoşbəxtlik duyğusudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır