19.04.2017

Gəmiçilik “TransCaspian/ Translogistica 2017” sərgisində…

“Azərbaycan  Xəzər Dəniz Gəmiçiliyi” QSC aprelin 26-28-də Bakı Expo Mərkəzində keçiriləcək XVI Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” sərgisində öz stendi ilə təmsil olunacaq. Sərgidə Gəmiçiliyin gördüyü mühüm işlər, əldə etdiyi uğurlar, daşımaların optimallaşdırılması üçün son illər  aparılan islahatlar, unikal dəniz nəqliyyatı vasitələri barədə ziyarətçilərə məlumat veriləcək.  AXDG-nin fəaliyyətini əyani şəkildə izləmək üçün xüsusi monitorlar vasitəsi ilə videoçarxlar nümayiş etdiriləcək. Hazırda Azərbaycanın Avropa ilə Asiya arasında əsas əlaqələndirici bölgəyə çevrilməsinə kömək edən Şimal-Cənub, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı nəqliyyat layihələri yüksək templə həyata keçirilir. Bu cür perspektivlər istər xarici, istərsə də yerli nəqliyyat şirkətlərinin sərgiyə marağını daha da artırır. “TransCaspian-2017” sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşlər, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli infrastruktur layihələri ilə yaxından tanışlıq, yeni müştərilərlə əlaqələr  və təcrübə mübadiləsi baxımından unikal imkana malikdir. Bu səbəbdən  AXDG  mütəmadi olaraq ölkədə və xaricdə keçirilən beynəlxalq əhəmiyyətli sərgilərdə fəal iştirak edir, potensial yerli və xarici investorlarla danışıqlar aparır və bu tendensiyanı gələcəkdə də davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır