08.04.2021

BP 2021-ci ildə Xəzərdəki hasilat infrastrukturunda profilaktik işlər aparmağı planlaşdırır

BP şirkəti 2021-ci ilin sonunadək “Azəri-Çıraq-Günəşli” (AÇG) bloku və “Şahdəniz” yatağındakı hasilat infrastrukturunda profilaktik işlər aparmağı planlaşdırır.

"Bu il AÇG bloku və "Şahdəniz" yatağındakı hasilat platformalarında profilaktik işlər aparmağı planlaşdırırıq", - deyə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı "İnterfaks-Azərbaycan" agentliyinə məlumat verib.

Onun sözlərinə görə, şirkət profilaktik işlərin aparılacağı platformaları və işlərin başlama vaxtını daha sonra elan edəcək.

Bayatlı, həmçinin bildirib ki, 2021-ci il fevralın 22-də “Şahdəniz” yatağındakı platformalarda bəzi texniki problemlər aradan qaldırıldıqdan sonra qaz hasilatı ilə bağlı problem yaranmayıb və hazırda hasilat ştat rejimində həyata keçirilir.

Hazırda AÇG blokunda hasilat 6 platformadan, "Şahdəniz" yatağında isə 2 platformadan həyata keçirilir.

“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.

Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.

Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “MOL” (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.

Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOIL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır