19.05.2017

Dörd ayda “Azneft” İB təxminən 2,4 milyon ton neft hasil edib

Bu ilin ilk dörd ayında “Azneft” İstehsalat Birliyinin (İB) sifarişi əsasında 19 quyu qazılaraq istismara verilib. SEANEWS.AZ xəbər verir ki, bu dövr ərzində birlik  2 milyon 39,9 min ton neft,  1 milyard 693 milyon 136 min kubmetr qaz hasil edib. Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən dörd ayda da  uğurla davam etdirilib. Belə ki,  “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 19 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 10 min 573 ton əlavə neft hasil olunub. Ötən dörd ayda fəaliyyətsiz quyu fondundan 19 quyu planlaşdırıldığı halda, faktiki olaraq 39 quyu istismara qaytarılıb. Bu quyulardan 10 min 385 ton neft alınıb. Nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 209 geoloji tədbir keçirilib, nəticədə 44 min 900 ton neft hasil edilib ki, bu da plana qarşı 42 tədbir çox və 17 min 770 ton çox neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 13 min 274 ton plana qarşı 17 min 225 ton neft hasil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır