27.03.2021

Çabahar limanının yükaşırma imkanları artırılır

Hindistan İranın Çabahar limanına qiyməti 7,5 milyon dollar dəyərində olan 2 ədəd 100 tonluq qaldırıcı kran gətirib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Dənizçilik və Limanlar İdarəsinin rəisi Bəhruz Akayi verib. O bildirib ki, cari ilin sonuna kimi 3-cü kran da Çabahara gətiriləcək. Bu kranlar limana yan alan gəmilərdən konteynerləri vaqona və maşınlara yükləyəcək.

Qeyd edək ki, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətə göndərilən yüklər Çabahar limanına daxil olacaq. Buradan isə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Avropaya daşınacaq. Bu beynəlxalq dəhlizin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu Azərbaycan ərazisindən keçərək Rusiya və Avropaya qədər uzanır.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, həmin kranlar Çabahar limanının yükaşırma gücünü artıracaq. Bu isə öz növbəsində, Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin artmasına və daha çox yük daşınmasına səbəb olacaq. Bütün yüklər isə tranzit olaraq Azərbaycan ərazisindən daşınacaq ki, bu da büdcəyə valyuta daxilolmalarını artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır