14.03.2017

Gəmiçiliyin zavodlarında xarici ölkələrin gəmiləri də təmir olunur – VİDEO

Azərbaycanın gəmi təmiri zavodlarında xarici ölkələrin gəmiləri də təmir olunur. Hazırda  “Zığ” Gəmi Təmiri Zavodunda   Belçikanın “Jan De Nul” şirkətinə məxsus “Vesalius” gəmisinin bərpası işləri həyata keçirilir. 1980-ci ildə istismara verilən gəmi müvəqqəti olaraq Qazaxıstan Respublikasının bayrağı altında üzür.  Uzunluğu 90, eni 17, hündürlüyü 5 metr və ümümi tutumu 1855 ton olan “Vesalius” dəniz dibinin dərinləşdirilməsi işləri ilə məşğul olur. Artıq gəmidə tərsanə işləri başa çatıb. Yəni, bütün sualtı təmir işləri görülüb. Hazırda üzən vasitənin boru və nasosları təmizlənir, kranlarına platformalar qoyulur, mühərrikin hava sovurucusu təmir olunur. Bundan sonra isə gəminin ballast anbarlarından gedən boru sisteminin yerinin və qapıların  dəyişdirilməsi, gəminin qazdığı torpaq və digər süxurları sovuran boruların  yenisi ilə əvəz edilməsi nəzərdə tutulur. İşin keyfiyyətinə xüsusi fikir verən gəmi təmirçiləri həm də “Vesalius”-u vaxtından 5 gün tez – martın sonlarında sifarişçiyə  təhvil verməyi  planlaşdırıblar. Sifarişçi də mühəndislik baxımından yüksək peşəkarlıq tələb edən mürəkkəb işlərin öhdəsindən məharətlə gələn  təmirçilərimizin işindən razılığını gizlətmir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda ən güclü gəmi təmiri bazasına malikdir. Həm  “Bibiheybət”, həm də  “Zığ” gəmi təmiri zavodları mütəmadi olaraq xarici ölkələrdən sifarişlər alır. Əsasən AXDG-yə məxsus gəmilərin təmiri ilə məşğul olan zavodların xaricdən sifariş qəbul etməsi isə ölkəyə əlavə valyuta gətirilməsi baxımdan əhəmiyyətlidir. Xatırladaq ki, təkcə ötən il “Zığ” Gəmi Təmiri Zavodunda təmir edilən 43 gəmidən 9-u xarici ölkələrə məxsus olub.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır